0 səs
98 baxış
tərəfindən Hüquq kateqoriyasında
yenidın açılıb

Müəssisəmizdə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mən də bu təşkilatın üzvüyəm.  Bildiyimə görə, həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin işdən çıxarılması zamanı həmin təşkilatın razılığı lazımdır. Bu haqda məlumat verməyinizi xahiş edirəm?

1 Cavab

+1 səs
tərəfindən
 
Ən yaxşı cavab

Həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin işdən çıxarılması zamanı həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığı lazımdır. Lakin bu məsələ qanunvericiliklə tənzimlənir və hansı hallara şamil edilməsi Əmək Məcəlləsinin 80-ci maddəsində  qeyd edilir. Maddənin tələbinə əsasən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün tələb olunan  aşağıdakı hallar mövcud olmalıdır:

1. İşçi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvü olmalıdır. Belə ki, "Həmkarlar ittifaqları haqqında" qanunun 11-ci maddəsinə əsasən, həmkarlar ittifaqı öz üzvlərinin əmək hüquqlarını müdafiə edir.

2. Əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və "ç" (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndi ilə ləğv olunmalıdır. Əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin digər bəndlərində göstərilən əsaslarla ləğvi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb olunmur.

Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla işəgötürən tərəfindən ləğv edilir. İşəgötürən müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir və təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir.

Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Təqdim edilmiş materiallar müəssisənin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən əsaslı öyrənilməli, çatışmazlıq olarsa, onların aradan qaldırılmasını işəgötürəndən tələb etməli və bundan sonra baxılması üçün təşkilatın həmkarlar ittifaqı komitəsinin iclasına çıxarılmalıdır.

Keçirilmiş iclasda həmkarlar ittifaqının kollegial orqanında səs çoxluğu ilə əmək müqaviləsinin ləğv edilməsinə razılığın verilməsi və ya verilməməsi barədə yazılı formada qərar qəbul edilir.

Qeyd etmək lazımdır ki, müəssisənin həmkarlar ittifaqı komitəsinin iclası, onun tərkibinə seçilmiş üzvlərin iclasda sahə həmkarlar ittifaqı komitəsinin Nizamnaməsində müəyyən edilmiş yetərsay normaları təmin edilmiş olarsa, səlahiyyətli hesab olunur.

Həmkarlar ittifaqı komitəsinin qərarı giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olmalıdır.

Tapar.az sual-cavab sisteminə xoş gəlmisiniz. Sistem vasitəsi ilə suallarınıza cavab tapa bilər və bildiyiniz suallara cavab verməklə digərlərinə kömək edə bilərsiniz.

62 sual

103 cavab

4 rəy

110 istifadəçi

...